Pandemiya zamanı qurulan uğurlu marka

 Bu gün müsahibimiz pandemiya zamanı uğurlu gediş edərək Bakumart tətbiqi ilə bazara daxil olan, uzun illərdir supermarket sahəsində çalışan Ramin Qəhramanovdur. 

Sizi tanıyaq Ramin Qəhramanov kimdir?

Salam mən Ramin Qəhramanov “Bakumart Supply” ve “Bakumart Online Market” şirkətlərinin təsisçisi və direktoruyam. ADİU Beynəlxaq İqtisadi Münasibətlər fakültəsinin məzunu olmuşam. Ailəliyəm, iki övladım var.

 İlk öncə ənənəvi supermarket biznesi ilə məşğul olmağa sizi nə həvəsləndirdi?

Mənim atam ticarətçi olduğu üçün müxtəlif sahələrdə biznesləri olub və mən də uşaq yaşlarımdan ticarətə (alverə) çox həvəsim olub.İlk market fəaliyyətimə 2009-cu ildə Ağdaş rayonunda başlamışam və onu deyim ki, Ağdaşda “Fərid Market” də müştərilərə “endirim kartı” təqdim edəndə endirim kartı yalnız Sabina , İdeal mağazalar şəbəkəsində vardı. Marketlər endirim kartı istifadə etmirdi və ya mənim xəbərim yox idi. Hər gün fərqli kampaniyalar, müştərilər üçün yeniliklər etmək üçün düşünürdüm və bu da məni xoşbəxt edirdi (gülür). Hər kəs özünü bir yerdə, bir peşədə, bir vəzifədə görür mən isə lap uşaq vaxtlarımdan özümü ancaq ticarət, biznes, alver adını nə qoysaq orada görmüşəm.

Online supermarket ideası ağlınıza necə gəldi?

Beləliklə ağlıma “Bakumart Suppy” ideası gəldi amma gördüm ki, bu marketlər üçün çox da əlverişli olmayacaq. Marketlərin dövriyyəsi kifayət qədər çox olur. Restoran və Otellərin bu sistemə çox ehtiyacı olacağını düşünüb ilk addımı atdım və online platformanı qurdum. Bununla yanaşı tam şəffaf, sistemli və avtomatlaşdırılmış satınalma sistemi qura bildik.
Pandemiya dövründə Bakumart Online Marketin qurulması bir növ ideadan daha çox yaranan ehtiyaca cavab verməsidir.

 Sizdən daha öncə bu bazarda online supermarket qurmaq istəyən bir çox şəxs və ya şirkətlər uğursuz olmuşdu bu sizi qorxutmadımı?

Qorxutmadı, çünki daha öncə bu bazarda fəaliyyət göstərməyə çalışan şirkətləri və dünya bazarında uğurlu olan şirkətləri kifayyət qədər analiz etmişdim. Onlar hansı addımı səhv və ya düz atdıqlarını kənardan bir müddət izləmişdim. Qısa izah etsək uğursuz olan bizneslərin iki səbəbi var idi

1. Online market biznesinin 70%  web platformadan və mobil tətbiqdən ibarət olduğunu düşünmələri, hansı ki, burada işin 70-80 %  sistemli və avtomatlaşdırılmış depo təşkil edir.

2. Bu biznesi qurub qısa zamanda mənfəətə fokuslanmaq ən böyük səhv olar. Bu tip bizneslər Azərbaycan bazarı üçün uzun zaman tələb edən bizneslərdəndir.

Hazırda nə qədər gündəlik müştəriniz var ? Nə qədər insan sizin xidmətinizdən istifadə edib?

Hal hazırda 8500 istifadəçi mobil tətbiqi yükləyib və qeydiyyatdan keçib. Gündəlik 250-270 arası sifariş qəbul edirik. İlk fəaliyyətə başladığımız gündən bu günə qədər 2500 fərqli istifadəçi xidmətlərimizdən istifadə edib.

Böhran sizin işinizə yaradı ancaq eyni zamanda yeni rəqiblər çıxdı bununla bağlı nəsə planınız varmı?

Əslində işimizə yaradı demək olarmı bilmirəm (gülür). 3 illik əziyyət və zəhmətin nəticəsi olaraq
Bakumart Supply biznes olaraq özünü təsdiq etdiyi, tam formalaşdığı vaxtda pandemiya başladı və restoran, otellərin bağlanmağı ilə Bakumart Supply demək olar satışının 70% itirdi. Biz Bakumart Online Marketi quraraq demək olar yenidən başlamalı olduq.
İkinci məsələ rəqiblər sualı ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan bazarında bu sahədə nə qədər çox rəqib olsa o qədər çox bazar formalaşacaq və artıq qiymət, keyfiyyət və xidmət səviyyəsinə görə o, bazardan pay almaq imkanı yaranacaq. Qısası rəqib olmağı məni qorxutmaqdan daha ziyadə çox sevindirir.

Pandemiya dövründə bazara çıxmağınız öncədən planlı idi yoxsa sadəcə təsadüf olaraq o dövrə rast gəldiniz?

Biz sentyabr ayı üçün fərdi insanlara da xidmət etməyi planlaşdırırdıq ancaq pandemiya bizə bunu çox sürətli etməyə məcbur etdi.

Yaxın gələcəkdə planınız nədir online marketlə bağlı?

Biz fəaliyyətə ilk başlayanda sifarişi bu gün qəbul edib 1 gün sonra çatdırırdıq, daha sonra sifarişi qəbul etdikdən 6 saat sonra çatdırmağa başladıq, ondan sonra vaxtı 4 saata, indi isə 2 saata endirmişik. Yaxın günlərdə planımız çeşid sayını azaltmadan yəni, bildiyiniz marketdən ala biləcəyiniz hər şeyi təklif etməklə yanaşı, çatdırılma vaxtını 45 dəqiqəyə endirməkdir. Hədəfimiz anbar sayımızı artıraraq bu vaxtı 20 dəqiqəyə çatdırmaqdır.

Yeni biznes qurmaq istəyən gənclərə tövsiyyəniz nədir?

Yeni biznes qurmaq istəyən gənclərə onu deyə bilərəm ki, mən daha öncə elə bilirdim ki, Bakumart Supply ancaq mənim ağlıma gəlib və mənim ideamdır. Ancaq, vaxt keçdikcə gördüm ki, xarici ölkələrdə daha  çoxdan bu kimi layihələr var və işləyir. Rastlaşdığım bəzi insanlar daha dəqiq bildirsəm, indiyə qədər mənə ən az 15 nəfər deyib ki, “mənimdə ağlıma gəlmişdi bu idea, mən də bunu fikirləşmişdim, mən də bunu edəcəkdim”. Odur ki, məsələ idea fikirləşib onu mükəmməl səviyyədə düşünüb və mükəmməl səviyyəyə çatdırmaq üçün pul və ya adam axtarmaqda deyil. Ağlına gələn ideanı əlindəki imkanlarla hansı səviyyədə edə bilirsənsə edib ortaya real bir nəticə çıxartmaq və daha sonra mükəmməl etmək üçün investor axtarsınlar. Son olaraq sizə və komandanıza təşəkkürümü bildirirəm. Sizlərə və gənclərə uğurlar arzu edirəm.
Yəni ağlındakı idea üçün pul axtarmaqdansa əlindəki pula və ya imkanlara uyğun idea axtarmaq ən doğrusudur.

Müsahibə üçün təşəkkür edirik.