Tural M Məmmədzadə: Aylıq 80 manat maaş, gündə 8 saat işləmək

Salam  öncə Sizi tanıyaq. Sizcə Tural M Məmmədzadə kimdir ?

– Salam, mənim adım Turaldır, hər şeyi 3D görən, bütün gününü “3D dünyada” keçirən insanam.

 3D üzrə mütəxəsis olmaq qərarına necə gəldiniz? Bu istək haradan yarandı?

Uşaqlıqda ilk telefonlarımdan birində, təsadüfən oyunları zip fayl olaraq açıb içindəki teksturaları dəyişməkdən başlayıb, sonradan bütün telefonda olan oyunun özünü yenidən hazırlamışdım. İş orasındadır ki, bunun hamısını elə telefonla, bunun üçün heç nəzərdə tutulmamış proqramlarla etmişdim. Bundan sonra 3D sahəsinin düşünüldüyü qədər çətin olmadığını anlamışdım (səhv anlamışdım). 2010-cu ildə məktəbi bitirdikdə, öz komputerim yox idi yəni videomontaj proqramlarının ümumiyyətlə strukturu ilə bağlı heç xəbərim yox idi, yerli televiziyalardan birində stajor videomontajçı olaraq işə düzəlmişdim, iş vaxtı bitdikdən sonra işdə qalıb, komputerin boşalmasını gözləyib, after effects cs3 proqramını öyrənirdim, hərdən də internet kafedə vaxt alıb oturub öyrənirdim. O aralar after effects proqramından həmin televiziyada sadəcə olaraq sonluq titrlarının yazılması üçün istifadə olunduğunu düşünürdülər. İstəyimin yaranmasının əsas səbəbi, həmən aralar bir videomontajçı iş yoldaşım var idi, After effectsdən fotoşopun qat-qat yaxşı olduğunu diktə edirdi və mənə demək olar ki, heç nə öyrətmək istəmirdi deyə öz-özümə youtube, googledən baxaraq inadla öyrənmək istədim( o aralar proqramların dərslikləri indi olduğu kimi internetdə çox deyildi) . O dərəcədə inadkarlaşmışdım ki, gözümü yumub açanda artıq nəyinki video montajı, həmçinin after effects və 3D max istifadə etdiyimi də görmüşdüm. Həmən insan mənim bu sahəyə gəlməyim üçün inadımın yaranmasında ən əsas şəxsdir.

 Yaxşı bir 3D mütəxəssisdə olması gərəkən özəlliklər hansılardır?

Özəlliklər, doğuşdan yaranan, tanrı vergisi və s. mifdən başqa bir şey deyil. İstər 3D animasiya sahəsi olsun istərsə də başqa yaradıcı sahə, öz üzərində bütün qəlbinlə işləyərək yaxşı nəticə əldə etmək, özündə müəyyən bacarıqları inkişaf etdirmək mümkündür. Ən vacib məsələ, həvəs və istəyin olmasıdır. Məsələn çox dəyər verdiyim bir dostum, 2015-ci ildə biz bir yerdə işləyəndə mənə demişdi “Tural indi sənin 22 yaşın var və buna görə bu işə çox həvəslisən, mən yaşa çatanda sənin computer graphicsə qarşı bütün həvəsin öləcək” Həftələrlə dediyi sözü ağlımdan çıxarda bilməmişdim çünkü 3D peşəsiylə məşğul olmaq mənim üçün həyatım qədər önəmliydi. Üstündən bir neçə il də keçmişdi və artıq bütün həvəsim ölməyə başlayırdı ki, yeni bir şey kəşf etdim. İnsan yeni şeylər sınamaqdan, yeni sinematoqrafik həlləri yoxlamaqdan qaçınırsa, hər şeyi bildikdən sonra belə bu sahəyə qarşı həvəsi ölür, buna görə də hər yeni işimdə yeni stilistika, yeni baxış bucaqlarından istifadə edərək bu işə qarşı sevgimi özümə yenidən geriyə qazandırdım. Ümüd edirəm bu sahədə olanlara və ya başlamaq istəyənlərə bu mən tərəfdən xırda bir məsləhət olar ( gülür )

 Bu sahədə ali təhsil almaq mütləqdirmi?

Əgər bu sualı on il əvvəl versəydiniz, düşünmədən mütləqdir deyərdim. On il əvvəl öz əlimdə olsaydı mən də Vancouver Film Schoola gedib bunun detallarını iki il ərzində öyrənərdim amma bu saniyə buna ehtiyac yoxdur. Bilmək istədiyimiz hər informasiya bizə beş dəqiqə uzaqdadır. İstənilən informasiyanı adicə mobil telefon vasitəsiylə əldə etmək olur. Yaradıcı sahədə ali təhsil diplomunun olması isə (söhbət rəssamlıq, animasiya, dizayndan tipli qollarından gedir) biraz gülüncdür, çünkü bütün tanınmış, yerli və xarici kreativ agentliklər, sizin bu sahədə olan diplomunuza yox, porfolionuza önəm verirlər. Əgər portfolionuz yaxşıdırsa sizinlə əməkdaşlıq edirlər.

 Sizcə sizin işin əsas çətinliyi nədir?

İşin çətinliyi yaradıcı və texniki tərəfdən müştəri ilə razılaşmaqdır, marketoloq və sinamatoqraf birlikdə işləyib ortaya tamaşaçı üçün həm maraqlı həm də eyni zamanda çox satış gətirəcək reklam çarxının çıxarılması əvəzinə, ya reklam çarxı əksər hallarda sinematoqrafın diktəsi ilə çox gözəl olur amma tamaşaçıya həmin mesajı vermir, ya da əksinə reklam çarxına tamaşaçı axıra qədər baxarsa məhsulu almaq ümidi ilə dolur amma reklam videoçarxı o dərəcədə darıxdırıcı olur ki tamaşaçı axıra qədər baxmaqdan imtina edir. Düzgün dozada yaradıcılıq və sifarişi verən şəxsin məlumatlarıyla gözəl iş çıxarmaq olar, əksər hallarda müştərinin əsassız “bəyənmədim” sözünə görə reklam çarxları çox dəyişir və nəticədə bu dəfə də tamaşaçının bəyənmədiyi iş ortaya çıxır.

 Niyə ölkədə bu sahədə az insan var ?

Bu işi öyrənmək uzun və “ağrılı” prosesdir, bu işə başlayanlardan tanıdıqlarımın 99 faizi bu işi maddi səbəblərdən buraxıb. Mən bu işdə olduğumun dördüncü ilində xeyir görməyə başlamışdım, xaricdə olsaydım bəlkə bu daha tez olardı amma burada şərtlər biraz fərqlidir və müştərilərə də haqq qazandırmaq lazımdır, heç kəs gözüyumulu, heç bir portfoliosu olmayan insana iş vermək istəməz.

 O hansı işinizdir ki, indiyə qədər gördüyünüz işlər içərisində ən şedevri hesab edirsiniz ?

Həmişə ən son işim ən sevdiyim işim olur adətən. Yeni iş işlədikdə onun təsirindən başqa işlər gözümdə sönük qalır. Bu aralar King and Kingdoms oyunu üçün Trailer hazırladıq, çox kiçik komandayla hazırladım bunu. 3D modeller bir dostum bəzi personajları modellədi, yerdə qalan rejissorluqdan, rəng korreksiyasına qədər hər detalı öz üzərimə götürmək istədim çünkü bu işi sevirəm, bu işin hər xırda detalını görməkdən zövq alıram, baxmyaraq ki, xaricdə olsaydıq ən azından doqquza yaxın fərqli peşə sahibi bu trailerin üzərində işləməliydi.
Trailer, hazırlanma prosesi ilə birlikdə buradakı linkdə qeyd olunub:

 

Ölkədə film, biznes, şou sektorunda bir çox tanınmış adamlar sizlə işləyir bu məşhurluq sizin həyatınıza təsir etməyib ki?

Bu sahədə, tanınmış çox əziz dostlarım həm də çox dəyərli müştərilərim var, lakin mən pərdəarxasında qalıram deyə elə də tanınmıram, açığı böyük auditoriyaya tanınmaq kimi bir istəyim də yoxdur, öz aramızda, reklam və sinematoqrafiya sektorunda tanınmaq bəs edir ( gülür )

 İlk gördüyünüz işdən nə qədər məvacib alıbsınız? Sirr deyilsə təbii ki.

2010-cu ildə, aylıq 80 manat alırdım. Aylıq 80 manat maaş, gündə səkkiz saat işləmək və bütün ay da bəs edirdi. (gülür)

 Gərgin iş rejminiz var bəs boş vaxtlarınızda nə ilə məşğulsunuz? Hobbi olaraq nə edirsiniz?

Yapon və Koreyalıların hekayə qurmaq tərzi, ssenariyə yanaşmaq tərzlərinə aşiqəm. Çox qatı kinomanam, iki komputerimdə dörd monitor var və onlardan birində həmişə hansısa bir film açıq olur. Həmişə :). Amma yüksək reytinqli filmlərin də əksəriyyətini bitirdikdən sonra, axır vaxtlar Mangawebtoon oxumağa başlamışam ki, bu da inanılmaz dərəcədə kreativliyi artırır, fərqli tərzdə baxış imkanı yaradır. Hər kəsə məsləhət görürəm, Manga və webtoonlar komiks kimdirlər amma daha gözəl ssenariləri var.

 Ən son sual Tural M Məmmədzadənin bu sahədə ən ali hədəfi nədir ki, bu onun karyerasının ən pik həddi hesab edilir ?

Sinematoqrafiya sahəsində olan əksər insanların əsas hədəfi Oscardır, mənim də həmçinin. Təbii ki, Oscarı almaq o dərəcədə də asan deyil, illər keçdikcə animasiya sahəsində yeniliklər çoxalır, illər keçdikcə animasiya sahəsində yeni trendlər meydana gəlir. Yaxın on – iyirmi ildə Oscar alacağımı düşünməsəm də, ən ali hədəfim olaraq qalır. Bəlkə nə vaxtsa 55-60 yaşlı təqaüdçü olanda, bir neçə ilimi ayıraraq bir animasiya hazırlayaram, və bəlkə bununla nəsə uğur əldə etmiş olaram ( gülür )

Xoş müsahibə üçün təşəkkür edirik!
Diqqətiniz üçün təşəkkür edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir