Korona virus və markaların aqibəti nə olacaq?

Fərid Hacıyev yazır…

Hazırda bütün dünyada geniş şəkildə yayılmış virus demək olar hər sahədə fəaliyyət göstərən bizneslərə təsir edib. Şirkətlər üçün bu perioddan minimal zərərlə çıxa bilmək çox vacibdir. Oflayn fəaliyyətlərin limitli olması, hazırda rəqəmsallaşmanı sürətləndirir. Lakin bütün şirkətlər və qurumlar rəqəmsallaşmaya ayaq uydura bilmirlər. Eyni zamanda şirkətlərin böyük əksəriyyətinin hər hansı böhran kommunikasiyası strategiyası olmadığından belə bir vəziyyətə hazır deyildilər. Qurumlar indiki vəziyyətdə nə etməlidirlər? Hansı addımları ataraq, zərəri minimuma endirə bilərlər?

Rəqəmsala keçid

Son illər Azərbaycanda bir çox şirkət artıq rəqəmsal dünyaya inteqrasiya etməyə başlamışdı, bu sevindirici haldır. Lakin indi, şirkətlərin böyük əksəriyyəti oflaynda fəaliyyətlərinin limitli olması səbəbindən rəqəmsal aləmdə hansı addımları atacaqlarından əmin deyillər və ya sadəcə bunu etmək üçün səbəb görmürlər, motivasiyalı deyillər. Hazırda insanların rəqəmsal aləmdə daha çox vaxt keçirdiyini nəzərə alaraq, onların olduğu yerlərdə görünmək vacibdir. Bu görünmək əvvəlkindən daha az reklam sayəsində qurulmalıdır. İnsanların bəlli səbəblərdən gərgin olduqları periodda, onların reklam mətnlərinə və videolarına ehtiyacı yoxdur, gündəm məsələlərindən uzaqlaşdıracaq, onlara pozitiv enerji verə biləcək, yeni nələrsə öyrədə biləcək məlumatlara ehtiyacları var. Kontent hazırda “karantindən əvvəl”ki perioda nisbətən daha çox istehlak olunur, buna görə də, hər bir qurum öz sahəsinə uyğun kontentin istehsalı üçün çalışmalıdır. Bu həm mövcud kütlə ilə münasibətin qorunub saxlanması, həm də yeni insanların cəlb edilməsi üçün faydalı olacaq.

“Səs Tonu”-na diqqət!

İlk öncə hər bir şirkət/qurum öz “səs tonu”nu (tone of voice) bir daha gözdən keçirməlidir. İnsanların həssas olduğu vaxtlarda çox kiçik bir səhv böyük problemlərə yol aça bilər, eyni zamanda doğru qurulmuş kommunikasiya, yaxşı nəzarət edilən “səs tonu” böhran vəziyyətində ciddi üstünlüklər qazandıra bilər. O cümlədən, hazırki periodda “Müştərilərimizə daha yaxınıq” mesajı əvəzinə “Müştərilərimizə hər zaman kömək etməyə hazırıq” tipli mesaj vermək daha məqsədəuyğundur. İndi empatiya qura bilmək əvvəlkindən daha vacibdir.

Hər tərəf “Korona”dır, nədən danışaq?

Bəli, hazırda baxdığımız hər yerdə virusla bağlı xəbərlər görürük, hər yerdən eşidirik. Lakin bu o demək deyil ki, ancaq bu mövzunun üzərindən davam etmək lazımdır. Müəyyən vaxtlarda gündəmlə bağlı paylaşımlar etmək, bu mövzu ilə bağlı kontent hazırlamaq, lakin bunu edərkən çox diqqətli olmaq lazımdır. Əgər bu məsələdə kontent istehsal ediləcəksə, mütləq dəqiq və düzgün informasiyalardan ibarət olmalıdır. Eyni zamanda, gündəmin ən son yeniliklərini əks etdirməlidir. Heç bir şirkət yanlış və ya natamam informasiya yayan imic yaratmaq və elə yadda qalmaq istəməz. Digər bir məsələ isə, gündəmlə bağlı hazırlanacaq olan kontentin təkrar olmaması, orijinal olmasıdır. Unutmamaq lazımdır ki, insanlar yeni tərzdə, maraqlı kontentləri daha çox istehlak edirlər.

Sonra necə olacaq?

Virus nə vaxt bitəcək sualına cavab vermək üçün hazırda elm adamları, həkimlər çalışırlar. Araşdırmalar aparırlar, dərmanlar hazırlamaq üzərində işləyirlər. Lakin hazırlanacaq olan vaksin bizneslərin bu periodda alacaqları potensial zərbələri sağaltmayacaq. Buna görə də, hər bir qurum period bitdikdən sonra hansı strategiya ilə hərəkət edəcəyini müəyyən etməlidir. Əllərində olan dataları yaxşı analiz edərək, potensial hədəf kütlələrinin hansı addımları atacaqlarını təxmin edə bilməlidirlər. Bir daha qeyd edirəm ki, bu təxminlər mütləq dataya əsaslanmalıdır, havadan təxmin etmək daha təhlükəli olacaq. Mövcud strategiyanı bir daha gözdən keçirərək, dəyişikliklər etmək mütləqdir. Çünki, bu period bitdikdən sonra, əvvəl hazırladığımız strategiya tam olaraq işləməyə bilər. Virus keçəcək, hər şey qaydasına düşəcək, ola bilər ki, müəyyən dəyişikliklər olsun, lakin ümumi mənada həyat axarı ilə davam edəcək. Bu periodu “karantindən sonra” üçün dəyərləndirmək və həmin vaxta hazırlaşmaq lazımdır.

Müəllif haqqında ətraflı məlumat: faridhajiyev.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir