internet-marketinq: Ənənəvi marketinqlə müqayisədə 15 üstünlük

90

Dünyada internet artıq çoxdan şirkətlərin marketinq departamentlərinin əsas silahların birinə çevrilib. Dünyada internet-marketinq o qədər inkişaf edib ki, 2017-ci ildə internet reklamı televiziya reklamını xərclənmiş vəsaitə görə ötüb keçəcəyi proqnozlaşdırılır. İnternet-marketinqin qısa zaman ərzində belə populyar olmasının bir neçə səbəbi var. Sizə internet-marketinqin ənənəvi marketinqə nisbətən 15 üstünlüyünü göstərmək istəyirəm:

1. Hədəf kütləsini müəyyənləşdirmək

hedef kutlesi

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

Sosial mediada və ya axtarış sistemlərinin xüsusi alətlərinin köməyi ilə Siz öz hədəf kütlənizi müəyyən edib (yaş, cins, maraqlar və s.) istədiyiniz mesajınızı çatdıra bilərsiniz. Ənənəvi marketinqin alətləri ilə bu proses daha çətindir. Çünki, ənənəvi reklam adətən kütləvi olur və şirkətlər seqmentasiya etməkdə çətinlik çəkirlər.

2. Kommunikasiya

kommunikasiya

İnternet-marketinq İKİTƏRƏFLİ : Ənənəvi marketinq BİRTƏRƏFLİ

Email, sosial media postları və ya şəxsi mesajlar, saytınızda onlayn-çat vasitəsiylə Siz müştərilərinizlə ikitərəfli kommunikasiya qura, müştərinin istədiyi sualına tez bir zamanda cavab verə bilərsiniz. Ənənəvi marketinqdə bu demək olar mümkün deyil. Əlbəttə, müştəri Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər. Lakin, biz hamımız əksər çağrı mərkərzlərinin vəziyyətindən xəbərdarıq (Sizin zənginiz bizim üçün çox “önəmlidir”)

3. Müştərini cəlb etmək

google search

İnternet-marketinq ÖZÜ GƏLİR : Ənənəvi marketinq ÇAĞIRIR

Dünyada istehlakçıların 80%-dan çox alış-verişdən öncə məhsul barədə onlayn məlumat axtarırlar. Müştəriləri artıq bezdirici reklamları ilə çağırmaq lazım deyil. Saytınızın SEO-sunu və Adwords reklamlarınız düzgün qurun və müştərilər özləri Sizi tapacaq.

4. Xidmət göstərmək

xidmət, məlumat

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

Siz öz saytınızda satdığınız məhsul və ya göstərdiyiniz xidmət barədə dolğun məlumat verib, onlayn-çat və ya sosial şəbəkədəki səhifənizdə tez bir zamanda verilən suallara cavab yaza bilərsiniz. Ənənəvi xidmət isə daha çox insan faktorundan asılıdır. Və adətən belə xidmət qənaətbəxş olmur.

Azərbaycanda xidmət reallıqları barədə “Zootopia” animasiya filmindən gülməli fraqment:

5. Əyləncə və ya tədris

kontent marketinq

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

Şirkətlər mətn, video və ya audio formatlarında əyləncəli və ya öyrədici kontenti yaradıb paylaşa bilərlər. Bu öz növbəsində müştəri ilə daha yaxşı münasibət qurmağa və loyallıq qazanmağa imkan yaradır. Ənənəvi marketinqdə kontent (flayer, broşur və s.) isə daha çox birbaşa satış etmək üçün hazırlanır. Və belə bir kontentin əsas təyinət nöqtəsi ən yaxşı halda zibil qabı olur.

6. Müştəri barədə məlumatı əldə etmək

Müştəri haqqında məlumat

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

Onlayn sifarişlər zamanı və ya email göndərişlərə abunə olanda müştərilər Sizə lazım olan məlumatları əlavə edirlər (ad/soyad, telefon, doğum tarixi və s.) Ənənəvi marketinqdə müştərilər barədə məlumat əldə etmək isə daha çətindir. Ən optimal variant satış zamanı verilən anketlərdir.

7. Müştəri davranışının təhlili

google analytics

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

Google Analytics vasitəsiylə Siz tam olaraq müştəriləri izləyə bilirsiniz: haradan daxil olublar, hansı məhsullarla daha çox maraqlanıblar, hansı səhifədə nə qədər vaxt keçiriblər. Ənənəvi marketinq alətləri ilə bu mümkün deyil. Yalnız araşdırmalar zamanı Eye Tracking qurğu vasitəsiylə. Lakin, bu çox xərc tələb edən bir alətdir. Google Analytics isə tamamilə pulsuzdur.

8. Satış modeli

onlayn satış

İnternet-marketinq B2b, B2C, C2C : Ənənəvi marketinq B2b, B2C

İnternet bizə satış üçün daha çox imkan verir. Hal-hazırda dünyada eBay, Alibaba və digər nəhəng şirkətlərin sayəsində C2C (customer to customer) satış modeli çox məşhurlaşıb. Hər kəs dünyanın istənilən nöqtəsinə öz məhsulunu sata bilər. Ənənəvi satışlarda bu model yalnız bazarlarda və müəyyən məhsullarda mövcuddur.

9. Təkrar satış

Təkrar satış

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

İnternet-marketinq alətləri ilə Siz müştəri ilə daimi ünsiyyətdə ola bilirsiniz və bu Sizə təkrar satışlar üçün yeni imkanlar yaradır:

  • email göndərişləri (yeni məhsullar, ad günü təbrikləri, endirim kampaniyaları)
  • abunə (sizin xidmətinizə abunə olan müştəri = hər ay yeni satış)
  • maraqlı kontent (əyləncəli, öyrədici, satış və s.)
  • remarketinq

10. Remarketinq

remarketinq

İnternet-marketinq VAR : Ənənəvi marketinq YOXDUR

Google Adwords vasitəsiylə Siz öz reklamınızı müxtəlif saytlarda yerləşdirirsiniz. Və müştəri Sizin saytınızı tərk etdikdən sonra bütün bu saytlarda sizin reklamınızla qarşılaşır. Və sonda onlar yenidən saytınıza qayıdırlar. Ənənəvi marketinqdə remarketinqin alternativi yoxdur.

11. Marketinq xərcləri

marketinq xərcləri

İnternet-marketinq AZDIR : Ənənəvi marketinq ÇOXDUR

İnternet-marketinqin xərcləri ənənəvi marketinqindən qat-qat azdır. Bir neçə misal:

  • Metroda perronda bir aylıq bir bannerin yerləşdirilməsi 510 AZN-dir
  • Baku Bus-larda bir aylıq bir avtobusun üzərində reklamın yerləşdirilməsi 500 AZN-dir
  • Mərkəzdə ortalam bir bilbordun qiyməti bir aylıq 500-600 AZN-dir

Və heç kim Sizə zəmanət verə bilməzki, bu reklamları sırf siz hədəf auditoriyanız bunu görəcək. İnternet-marektinqdə isə Siz özünüz öz xərclərinizi müəyyən edir və tam olaraq izləyə bilirsiniz (baxış sayına görə, hər bir klikə görə, konversiyaya görə və s.)

12. İmic

İmic

İnternet-marketinq QALDIRIR : Ənənəvi marketinq AZALDIR

Əlbəttə, həmişə belə deyil. Lakin, bəzi məqamlarda internet-marketinq şirkətin imicini qaldırır, ənənəvi marketinq isə azaldır. Məsələn, paylanan və ya qapının üstünə asılan ənənəvi broşur, flayer o qədər insanları bezdirib ki, artıq müştərilərdə bu tip reklamlara qarşı mənfi reaksiya əmələ gəlir. Və bu həmin şirkətin imicinə ziyan gətirir. Və əksinə, yaxşı Facebook səhifəsi və saytı olan şirkət müştərilər tərəfindən bəyənilir. Və bu öz növbəsində şirkətin imicinin qaldırılmasında böyük rol oynayır.

13. Fokus

fokus

İnternet-marketinq MÜŞTƏRİ : Ənənəvi marketinq MƏHSUL

İnternet-marketoloqların fəaliyyəti daha çox müştəri yönümlü olur. Onlar əyləncəli və ya öyrədici kontent paylaşdıqda, müştərilərin maraq və istəklərinə uyğun həlləri təklif etdikdə, müştəriyə öz qayğısını göstərmiş olurlar. Ənənəvi marketoloqlar isə daha çox məhsul üstünlük və xüsusiyətlərində fokuslaşırlar. Və ədatən həmin məhsulun müştəriyə faydalı və ya maraqlı olub-olmamasını fikirləşmirlər.

14. Gündəmdə qalmaq

189 TAXI, Şadlıq sarayı, endirim

İnternet-marketinq ASAN : Ənənəvi marketinq ÇƏTİN

Şirkətlər üçün daim gündəmdə qalmaq və real-time marketinq gedişlərini etmək internet vasitəsiylə daha asandır. Cəmi bir neçə dəqiqə ərzində sosial şəbəkələrdə aktual mövzu və ya hadisə ilə bağlı postu paylaşmaqla bunu etmək olar. Ənənəvi marketinqdə çevik reaksiya vermək olduqca çətindir.

15. Vaxtın qənaəti

vaxtın qənaəti, time saving

İnternet-marketinq  VAR : Ənənəvi marketinq YOXDUR

İnternet-marketinq həm şirkət üçün həm də müştəri üçün vaxtı qənaət edir:

  1. Şirkət çapa, montaja, daşınmaya və digər vaxt aparan şeylərə öz vaxtını sərf etmir
  2. Müştəri isə məhsul və ya şirkət barədə məlumatı əldə etmək, alış-veriş etmək üçün vaxtını qənaət etmiş olur.

Beləliklə, dostlar, bu internet-marketinq və onun ənənəvi marketinqlə müqayisədə 15 üstünlüyü idi. Nələr mənim yadımdan çıxdı? Hansı punktları ilə siz razı deyilsiniz? Zəhmət olmasa, bunları burada və ya sosial şəbəkələrdə şərhlərdə yazın. Və bu postu paylaşmağı unutmayın.

İşlərinizdə uğurlar!

mənbə: samirkerimov.com