“Burger King”-in Halloween sürprizi

152

Bildiyiniz kimi, 31 Oktyabr Halloween Bayramı kimi qeyd olunur. Müşahidələrimiz onu göstərir ki, hər ötən il bu bayrama olan maraq artır. Bu xüsusi maraq özünü şirkətlərin marketinq strategiyalarında da göstərir. Eyni zamanda kafe, restoran və digər xidmət sahələri Halloween atributlarından istifadə edərək rəngarəng görüntü ortaya çıxardırlar. Hətta bu bayrama marağı olmayan biri də ticarət mərkəzinə daxil olarkən fərqli və cəzbedici görüntüsü olan bir məkana üz tutacaq. Hələ müştərini xüsusi geyimlər geyinmiş, maskalanmış biriləri qarşılayarsa vəziyyət daha da dəyişər. Azərbaycan müştərisinin “ sadiqlik“ ölçüsü bir şkala ilə ölçülə bilsəydi bu göstərici heç də yüksək bir rəqəm olmazdı. Bütün bunları nəzərə alsaq yuxarıda qeyd olunan amillər yeni müştəriləri cəlb etmək və satışı qısa müddətlik artırmaq gücünə qadirdirlər. Biz hələ sosial media üzərindən olan fəaliyyətlərdən danışmadıq. Son həftə ərzində sosial media üzərində Halloween ilə bağlı olan ən maraqlı hadisəni sizə şərh edəcəyik.

Sosial media kimi güclü silahı olan şirkətlər bəzən bu silahdan ehtiyatsız davranırlar, ya da ki, silahın bütün gücündən maksimum istifadə edirlər. Belə ki, “ Marketing Battle“ lərə ac olduğumuz bir zamanda “Burger King“ “McDonalds“ ın bostanına daş atıb. Burger King Azərbaycan Facebook və İnstagram hesablarında gördüyünüz şəkli paylaşaraq “Özünü kral kimi hiss etməyin üçün Burger King-ə gəlməyin kifayət edir 👻  “ yazısını əlavə edib. Bütün olayların ən kulminasiya nöqtəsi postda qeyd edilən həştəqlərdir: “ #burgerkingaz  #buraqızışacaq #kingishere  #kingisonfire #burgeregəl #kralşəhərdədir “ Hər şey onu göstərir ki, hər an yeni battle başlaya bilər. Maraqlısı odur ki, hələki sakit və təmkinli görünən McDonald`s bütün bu atmacalara cavab verəcəkmi və bizlər yeni bir duelə şahidlik edəcəyikmi?

Nəzərinizə çatdıraq ki, bu cür savaşlar zamanı şirkət istədiyinə hər zaman nail olmaya da bilər. Onlar zamanla formalaşdırdığı dəyərləri qısa müddətdə itirə, müştərilərin heç də xoş olmayan  münasibətləri ilə rastlaşa bilərlər. Adətən bu cür postlar rəhbərliklə razılaşmadan paylaşılmır. Adı çəkilən fast-food şirkətləri daim rəqabətdə olub və dünyadakı minlərlə restoranları fürsət düşdükcə bir-birlərinə sataşıb. Sizlər isə öz rəylərinizi yaza və gözləntilərinizi qeyd edə bilərsiniz.