4 Qlobal Markanın “İnam” Dolu İflasdan Xilas Hekayələri

360

Qlobal baxımdan uğurlu bir iş qurmaq üçün bir neçə ünsür bir arada toplaşmalıdır.  Bu ünsürlərin başında dayanan isə əla bir fikir və əla bir komandadır. Amma iş qurarkən bu sadaladıqlarımızdan daha vacib ünsür inamdır. Günümüzdə  mövcud olan bir çox şirkət inamla çalışdıqları üçün  böyük şirkət pozisiyasına gələ biliblər. Your Story adlı internet saytının bir yazısında yer alan 4 böyük şirkətin xilas olmaqlarına dair qısa hekayələr ilə tanış olaq.

 

Fred Smith – Federal Express (FedEx)

Fred Smith 1965-ci ildə Yale Universitetinin tələbəsi idi. Bir tapşırıq çərçivəsində o, ABŞ-da malların daşınma müddətinı araşdıran iqtisadi bir yazı yazdı. O kəşf etdi ki, nəqliyyat sürücüləri ümumilikdə ABŞ-da böyük paketləri daşımaq üçün yük maşınları və ya sərnişin təyyarələrinə güvənirlər. Bundan sonra Smith daha faydalı daşınma fikri düşündü və təyyarələr vasitəsilə kiçik və vacib əşyaları daşıyan bir şirkətin hansı yolla daha yaxşı bir biznes ola biləcəyi haqqında məqalə yazdı. Amma bu biznesin idarəedilməsi haqqında olan detalları qeyd etmədi. Bir ev tapşırığı olaraq yazdığı bu yazı “C” ilə qiymətləndirildi.

Tapşırıqdan yaxşı qiymət ala bilməsə də, Smith fikrindən daşınmadı və  1971-ci ildə şirkətin təməlini qoydu. Lakin şirkətin qurulmasından 3 il sonra Federal Express iflasla üz-üzə qaldı. Şirkət artan yanacaq xərclərinin təsiri ilə hər ay 1 milyon dollar itirirdi və kassada isə sadəcə 5 min dollar qalmışdı.  Belə bir vəziyyətdə Smith daha çox maliyə üçün General Dynamics şirkətindən kömək almaq qərarına gəldi. Amma qarşı tərəf onun bu təklifini qəbul etmədi.

Bir çox insan bu vəziyyətdə geri çəkilər və şirkətin fəaliyyətini dayandırardı. Amma Fred Smith bu insanlardan deyildi. Növbəti davranışı isə bir şirkət qurucusu tərəfindən edilə biləcək ən cəsur hərəkət idi. Smith Las Vegasa uçdu və həmin həftə sonu şirkətin kassasında qalan son 5 min dollarlıq sərmayə ilə Black Jack oynadı. Bazar ertəsi şirkət idarəetməsi üçün vacib olan bir sürpriz baş verdi. Artıq Federal Expressin bank hesabında 32 min dollar pul var idi, bu da təyyarələr üçün yanacaq sifariş vermək və bir neçə gün daha əlavə olaraq çalışmaq üçün kifayət  idi.

Bu hadisədən qısa müddət sonra şirkət sərmayəsində vacib miqdarda artım görüldü. Bugün isə Federal Express 220-dən çox ölkə və ərazidə fəaliyyət göstərən və illik gəliri 45 milyard dollar olan qlobal bir şirkətdir.

Ferruccio Lamborghini – Lamborghini

Əslində Ferruccio Lamborghini traktor işi ilə məşğul olan bir fermer idi. İşində çox uğurlu idi və İtaliyadakı ən varlı insanlardan biri idi.  Ferruccio Lamborghininin sahib olduğu super maşınlar siyahısında Ferrari də var idi.  Lakin bu Ferrarinin bəzi nasazlıqları var idi və bu Ferruccio üçün problem yaradırdı. Təmirçi olduğu üçün problemi həll etməyə çalışdı və başa düşdü ki, Ferrari onun traktorları ilə eyni muftaya sahibdir. Ferruccio Lamborghini yaşadığı problemlə əlaqədar deyirdi: “ Bütün Ferrarilərin mufta problemi var. Normal sürətlə getsəniz hər bir şey yolunda olacaq. Lakin sürəti azca yüksəltsəniz, muftada yüksək sürət səbəbi ilə problem yaranacaq.

Ferruccio davamlı olaraq muftanı yeniləndirmək üçün servisə gedirdi, lakin heç vaxt ona təmir prossesini izləməyə icazə vermirdilər.

Ferrarinin muftası ilə əlaqədar olan problem öz həllini tapmırdı, buna görə də Ferruccio Lamborghini Enzo Ferrari ilə danışmağa qərar verdi. Lakin Ferruccio onu uzun müddət gözləməli oldu. Buna baxmayaraq o, Enzo Ferrari ilə danışa bildi. Danışıqlar sırasında Ferruccio “ Ferrari, sənin maşınların lazımsızdır! “ dedi. Bundan sonra Enzo Ferrari çox əsəbiləşdi və “ Lamborghini, sən bir traktor sürücüsü ola bilərsən, amma heç vaxt bir Ferrarini düzgün şəkildə idarə etməyi bacarmayacaqsan.” deyərək qarşılıq verdi. Məhz bu an Ferruccio Lamborghininin mükəmməl bir maşın yaratmağa qərar verdiyi an idi.  Nəticə etibarilə Enzo Ferrarinin bu dikbaşlığı dünyanın ən yaxşı maşın markalarından birinin yaranmasına və Ferrarinin güclü bir rəqibə sahib olmasına səbəb oldu.

 

 

Harland David Sanders – KFC

Colonel Sanders olaraq tanınan KFC-nin qurucusu Harland David Sanders 65 yaşında olarkən ilk dəfə 99 dollar məbləğində sosial təhlükəsizlik yoxlaması aldı. Kiçik evi, köhnə maşını olan David Sanders həm də kasıb idi. O, həyatını dəyişdirmək qərarına gəldi. Dostları onun toyuq reseptini çox bəyənirdilər və o başa düşdü ki, bu onun sahib olduğu tək yeni fikirdir və bu həqiqətdən istifadə edərək resepti daha da mükəmməlləşdirmək qərarına gəldi.

Harland David Sanders daha sonra Kentucky ştatından ayrıldı və ideyasını satmaq üçün ABŞ-ın müxtəlif əyalətlərinə səyahət etməyə başladı. Restoran sahiblərinə insanların sevdiyi toyuq reseptinə malik olduğunu dedi və satılan məhsullardan kiçik miqdarda faiz almaq qarşılığında resepti pulsuz verməyə hazır olduğunu dilə gətirdi.  Onun bu təklifi 1000 dəfədən çox rədd edildi, lakin o yolundan dönmədi. Harland David Sanders bu inadkarlığı sayəsində dünyanın ən böyük “ fast food “ zəncirlərindən biri olan KFC-ni qurdu və bütün dünyanın qidalanma tərzini dəyişdirdi.

Soichiro Honda – Honda Motor Company

Soichiro Honda təmirçi olaraq fəaliyyət göstərirdi və işi maşınları yarışlara hazırlamaq idi. Honda 1937-ci ildə silindir (piston)  istehsalı ilə məşğul olan Tōkai Seiki şirkətini qurdu. Bu şirkət Toyota ilə silindirləri satmaq  üçün razılaşdı. Amma qısa müddət sonra məhsulların aşağı keyfiyyətli olması səbəbindən bu razılaşma pozuldu. Daha sonra Soichiro Honda Toyotanın keyfiyyətə nəzarət metodlarına daha çox vaxt ayırdı və artıq 1941-ci ildə bu şirkət keyfiyyət baxımından Toyotanın tələblərini ödəyirdi.

Bir müddət sonra Toyota Hondanın şirkətindən 40%-lik bir hissə aldı. Amma bu müddətdə Soichiro Honda başqa bir vəzifədən menecer vəzifəsinə endirildi. 1944-cü ildə Tōkai Seiki şirkətinin istehsal obyektləri ABŞ-ın həyata keçirdiyi bombardman nəticəsində yerlə bir edildi. Buna görə Honda şirkətin istifadə oluna bilən qalıqlarını Toyotaya satdı və burdan əldə etdiyi gəliri 1946-cı ilin oktyabr ayında Honda Texniki Araşdırmalar İnstitutunun əsasını qoymaq üçün istifadə etdi.

Honda 172 m2-lik ərzidə 12 nəfərlik heyət ilə işləyirdi. Tohatsu motorlarının öz nüsxələrini meydana gətirərək uydurma motorlu velosipedlər istehsal edib satdılar. Eyni zamanda istehsal etdikləri bu motorları velosipedlərinə taxmaları üçün insanlara satırdılar. Honda Motor Company qısa vaxt ərzində böyüdü və 1964-cü ildə dünyanın ən böyük motosiklet istehsalçısına çevrildi. Daha sonra Honda kiçik yük maşınları istehsalı ilə məşğul olmağa başladı və ən sonda isə avtomobil bazarına giriş etməyi bacardı. Nəticə etibarilə, bugün Honda şirkəti Toyota üçün çox ciddi bir rəqibdir.

 Aynur Əlizadə